Ria.Az | Reporter İnformation Agency: 09/11/09 AAK və ATDT koordinasiya şurasının birgə toplantısı keçiriləcək 09/11/09 AAK və ATDT koordinasiya şurasının birgə toplantısı keçiriləcək ================================================================================ Baş Redaktor on 09/11/2009 Diasporla İş üzrə Dövlət Komitəsi Avropa Azərbaycanlıları Konqresinin və Avropanın müxtəlif ölkələrindəki türk icmalarının Dövlət Komitəsinə ünvanladığı müraciətləri nəzərə alaraq belə bir tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış edib. DİDK-yə daxil olan müraciətlərdə bildirilir ki, 2009-cu il ərzində regionda baş verən bir sıra mühüm hadisələr, xüsusilə də oktyabrın 10-da Türkiyə və Ermənistan arasında «Diplomatik münasibətlərin qurulmasına dair» və «İkitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair» protokolların imzalanması Azərbaycan və Türk diaspor təşkilatlarının ciddi narahatlığına, etirazına səbəb olub. Diaspor təşkilatları birmənalı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılmasının yolverilməz oldugunu və bu məsələdə Azərbaycan Respublikasının mövqeyini dəstəklədiklərini bildirirlər. Regionda baş verənlərə dair Azərbaycan və Türk diasporlarının mövqeyinin daha geniş miqyasda ifadə olunmasını zəruri sayan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək ikigünlük toplantıda Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan–Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının üzvləri ilə yanaşı Azərbaycanın dövlət rəsmiləri və millət vəkillərinin iştirakı nəzərdə tutulub. Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan–Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası üç paneldən ibarət olacaq. Birinci panel “AZƏRBAYCAN-TÜRKİYƏ: ORTAQ TARİX, ORTAQ MARAQLAR VƏ ORTAQ PROBLEMLƏR” adlanacaq. Bu hissədə «Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı regionda sülhün, sabitliyin və inkişafın əsas amili kimi», «Türkiyənin Cənubi Qafqaz siyasətində Azərbaycanın yeri», «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Azərbaycan və Türkiyənin xarici siyasətində prioritet vəzifə kimi», «Erməni soyqırımı» iddiaları bütün Türk dünyasının ümumi mənafelərinə qarşı yönəlmiş məqsədyönlü təxribat və siyasi riyakarlıq nümunəsi mövzuları ətrafında çıxışlar səslənəcək. İkinci panel isə “AZƏRBAYCAN VƏ TÜRKİYƏNİN QLOBALLAŞAN DÜNYAYA İNTEQRASİYASI: REALLIQLAR, PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR” mövzusunda olacaq. Toplantının bu bölməsində «Azərbaycan və Türkiyə regionda həyata keçirilən qlobal iqtisadi layihələrin mərkəzində», «Türkdilli Dövlətlərin Parlamentləlrarası Assambleyası türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında mühüm amil kimi», «Türkiyənin Yaxın Şərq (Orta Doğu) siyasətinin regionda sülhün və əmin-amanlığın yaradılması üçün vəd etdiyi perpektivlər», «Türkiyənin Avropa Birliyinə üzvlüyü sahəsində mövcud problemlər və onların həllində Azərbaycanın rolu» mövzuları ətrafında fikir mübadiləsi aparılacaq. “AZƏRBAYCAN VƏ TÜRK DİASPOR TƏŞKİLATLARI ARASINDA ƏMƏKDAŞLIQ MÜASİR İNKİŞAF SƏVİYYƏSİ VƏ PERSPEKTİVLƏRİ” adlı üçüncü paneldə isə «Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası və onun həyata keçirilməsi istiqamətində qarşıda duran vəzifələr», «Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafında diasporların rolu» və «Xarici ölkələrdə yaşayan azərbaycanlıların və türklərin ictimai-siyasi fəallığının artırılması sahəsində mövcud olan problemlər və onların həlli yolları» ətrafında danışılacaq. Müzakirələrin sonunda müvafiq sənədlər qəbul olunacaq. Qeyd edək ki, toplantı çərçivəsində “Avropa Azərbaycan İnformasiya Mərkəzi”nin təqdimat mərasimi də keçiriləcək. Bu mərkəzin yaradılması barədə ideyanı və layihəni Benilüks Azərbaycanlıları Konqresi irəli sürüb. Belə bir mərkəzin yaradılması Avropadakı Azərbaycan diasporunun təbliğat imkanlarını genişləndirəcək. Mərkəz ölkəmizin tarixi və bu günkü reallıqları haqqında əsasən avropalılara informasiya ötürməklə məşğul olacaq. AAİ-nin yaradılması nəticəsində xaricdə yaşayan soydaşlarımız arasında həmrəyliyin daha da möhkəmlənməsi ilə yanaşı, onlarla Azərbaycan ictimaiyyəti arasında da mühüm körpu yaranacaq. Layihə həm də dilindən, mənəvi dəyərlərindən uzaq düşərək Avropa cəmiyyətində assimliyasiyaya uğramaqda olan bir sıra gənc soydaşlarımızın milli mənəvi dəyərlərimizə, mənsub olduqları xalqın tarixinə, mədəniyyətinə marağını artırmağı qarşısına məqsəd qoyub. Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan–Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı çətçivəsində həmçinin Avropa Azərbaycan Qadın Təşkilatları Birliyinin Təşəbbüs Qrupu yaradılacaq. Avropa ölkələrində yaşayan azərbaycanlı xanımlar Azərbaycan mədəniyyətini, ədəbiyyatını, incəsənətini, milli adət-ənənələrini təbliğ etmək üçün bir araya gələrək belə bir qurum yaratmaq təklifi ilə çıxış ediblər. Bu təşkilatı yaratmaqla xanım həmvətənlərimiz Avropa məkanında Azərbaycanın mənafelərini qorumaq və ölkəmizin imicini daha da yüksək səviyyələrə qaldırmaq istiqamətində görülən işlərə öz töhfəsini vermək istəyir. Ria.Az