Ria.Az | Reporter İnformation Agency: 11/02/09 Qənimət Zahidə gizli məktub 11/02/09 Qənimət Zahidə gizli məktub ================================================================================ Zülfüqar Xeyirxəbər on 10/02/2009 Daha sonra, əgər bizim əhvalımızı xəbər almaq istəsən, inan ki, biz Uca Tanrının yerdəki təmsilçilərinin kölgəsində şad və xürrəm ömür sürürük. Sənin də şad və xürrəm ömür sürməyini elə həmin Uca Tanrının yerdəki kölgələrindən arzulayıram. Qənimət bəy, sənə baş çəkən hüquq müdafiəçilərinin dediyinə görə, vəziyyətin o qədər də pis deyil, heç bir şeydən də şikayətin yoxdur. Amma doğrusu, mən onlara inana bilmirəm. Çünki indi bizim məmləkətdə hər şey saxta və yalandı. İnsanların nəfəsi yalanla gedib gəlir. Elə hüquq müdafiəçilərinin də. Doğrusu, onlar hər dəfə həbsxanadan qayıdıb deyəndə ki, məhbusların vəziyyəti əladır, heç nədən şikayətləri yoxdur, məni gülmək... yox, yox ağlamaq tutur. Çünki onlar da Ombudsman kimi danışırlar. Bilirsən də, Ombudsman hansısa məhbusun yaxınlarının və ya özlərinin şikayəti əsasında həbsxanaya gedir, qayıdıb deyir ki, məhbusun heç nədən şikayəti yoxdur. Nə qədər baş sındırıram ki, bəs bunlar hansı şikayət əsasında ora gediblər, bir nəticə çıxara bilmirəm. Qadan alım, sənin bu işdən başın çıxırsa, bizi də qandır. Neftin üzü qara olsun, bütün millətin üznü qaraldıb. Elə hüquq müdafiəçilərmizin də. Bir tərəfdən hakimiyətin çaldığı havaya oynayırlar, bir tərəfdən də həbsxanalarda monitorinqlər aparmaq adı ilə Azərbaycanda guya ki, demokratiyanın çiçəklənməsinə yardım edən donar təşkilatlarının başını piyləyib sümürürlər (Afərin belə fərasətə). Nə isə qardaş, bunlar sən Azadlıqda olanda da belə idi, indi də belədir. Ona görə də bu cür qəliz məsələlərlə başını ağrıtmaq istəmirəm. Düzünü bilmək istəsən, hakimiyyətin səni “qorumaq” üçün saxladığı gündən bu günə kimi heç nə dəyişməyib. Sabah nə dəyişəcək, deyə bilmərəm. Hər şey qoyub getdiyin kimi baş-ayaqdı. Eşitdiyimə görə, indi həbsxanalarda məhbuslara televiziyaya baxmağa icazə verirlər. Amma sən orada Azərbaycanda hər şeyin məmurların bağırdığı kimi yaxşı olduğuna, yoxsulluğun aradan qaldırıldığı barədə deyilənlərə ... inan. Həqiqətən də Azərbaycanda yoxsulluq azalır. Çünki yoxsullar ya intihar edir, ya da bu ölkədən baş götürüb hara gəldi qaçırlar. Təssəvvür edirsən, bir neçə ay öncə, qonşuluğumuzda maddi durumu ağır olan ailə başçısı 6 övladının aclıqdan əziyyət çəkməsinə dözə bilməyib özünü asdı. Prokurorluq açıqlama verdi ki, "intihara vadar etmə" maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır. O vaxtadn səbirsizliklə gözləyirəm ki, görəsən bu işdə prokurorluq kimi günahlandırıb həbs edəcək.. Ona görə də qardaş, həbsxanada AzTV-yə köklənmiş televizorda eşitsən ki (guya o birilər bundan fərqlidir), Azərbaycan gündən-günə çiçəklənir, pensiyaçılar təqaüdlərini vaxtlı-vaxtında alırlar, qaz, işıq, su problemi həll olunub, jurnalistlərin heç bir problemi yoxdur, bunlara inanma. Nə pensiyaçılar təqaüdlərini vaxtlı-vaxtında alırlar, nə qaz, işıq, su problemi həll olunub, nə də jurnalistlər ağ günə çıxıb. Jurnalistlərin günü elə qoyub getdiyin kimi neft rəngindədir. Pensiyaçıların təqaüdləri də aylarla sosial müdafiə fondlaranın fondunda yığılıb qalır. 3-4 aydan bir bədbəxt pensiyaçıların təqaüdlərini verirlər, onda da məbləğ məmurların gözünə çox göründüyünə görə, 30-40 faizini özlərinə götürürlər. İndi mən deməyim, sən de, bu yoxsul bəndə özünü asmayıb neynəsin!? Bilmirəm, orada soyuqlarla necə keçinirsiz, burada hökumətin qışa hazırlığının tərkib hissəsi olaraq 2-3 otaqlı mənzilləri olanlar yalnız bir otaqdan istiadə edirlər. Çünki camaatın iki-üç otağı qızdırmaq imkanı olmadığından hamı bir otağa yığışır. İnan ki, həmin otaqdan başqa bir otağa keçmək üçün 40 dərəcə şaxtaya çıxırlarmış kimi altdan geyinib, üstdən qıfıllanırlar. Qıfıl dedim, yadıma bir şey düşdü. Bu gün prezident Aygün Kazımovanın mənzil problemini həll etmək üçün ona üç otaqlı ev bağışladı. Amma Aygün xanım neynəsə yaxşıdı!? Düşünmə ki, imtina elədi ki, buna daha çox ehtiyacı olan insanlar var. Heç XALQIN ARTİSTLƏRİndən elə şey gözləmək olar!? Sərəncamın mürəkkəbi qurumamış Aygün Kazımova tezliyi əlindən alınmış “Azadlıq” radiosu ilə bəyanat verdi ki, mən o evdə yaşamayacam. Müğənni o evdə ambarlarda bit-birə düşmüş paltarlarını saxlayacaq. Görürsən, qardaş, mən deyəndə ki, bu ölkədə hər şey baş-ayaqdı, bəzi həmkarlarım mənə e-mail göndərirlər ki, bəsdi demoqoqluq elədin. Amma həmin həmkarım da yaxşı bilir ki, xalq Aygün Kazımovanın televiziya ekranlarındakı milli mentalitetimizə yad olan hoqqalarından prezidentə şikayət edir, əvəzində onu “Xalqın Artisti” elan edirlər. Minlərlə Azərbaycan vətəndaşı, hələ mən jurnalistləri demirəm, küçlərdə, onun-bunun qapısında kirayələrdə yaşayır, ev almaq imkanı yoxdu və heç vaxt da olmaycaq. Amma “Qarabulaq”larda quldurların dizlərindən düşməyənlərin paltarları, itləri, pişikləri üçün evlər bağışlayırlar. Belə şeylərə biz artıq alışırıq. Sənə də ona görə yazram ki, sən də alışasan. Yoxsa, İnşallah azadlığa çıxanda belə şeyləri görüb tüstün təpəndən çıxar. Ölkədə buna bənzər çox hadisələr baş verir, amma bilirəm ki, oxumağa imkanın yoxdu. Hələ mən AKKORDun "yol əhvalatı"ndan yazsam yəqin ki, saatlarla vaxtını alaram. Qısaca olaraq deyim ki, AKKORD indi təkcə hündürmərtəbəli binalar tikmir. Həm də Bakıda yolları dağıtmaqla məşğul olur. Düz bir ildir qəsəbəmizə gələn yolu söküb dağıdıb. Şələ-küləsini də yığışdırıb gedibdi. Çəkdiyi bir neçə kilometrlik yol da üstündən bir həftə keçməmiş dağıldı. Bütün bunları görəndə düşünürəm ki, AKKORDun tikdiyi və əhaliyə sırıdığı evlər əslində Azərbaycan xalqı üçün yaşamaq üçün mənzil deyil, əbədiyyətə qovuşmaq üçün ucamərtəbəli qəbirlərdir. Nə isə qardaş Allah onların başına asfaltçəkən maşın yağdırsın. Sənə Referendumdan da yazmaq istəmirəm. Düşünürəm ki, həll olunmuş şeylərdən yazıb vaxtını almaq nəyə lazım. Bu ölkədə həll olunmamış bir şey qalıb, o da 2009-cu ilin dövlət büdcəsindən Azərbaycanda mətbuatın inkişafı üçün ayrılmış 1,3 milyon manatın bölüşdürülməsidir. Indi Mətbuat Şurası həmin pulların bölüşdürülməsi üçün gecə-gündüz baş sındırır ki, həmin pullar təyinatı üzrə mətubatın “dayıları”na yox, onun inkişafına yönəlsin. Əgər Mətbuat Şurasının digər fəaliyyəti ilə maraqlanmaq istəsən, ərz edim ki, Mətbuat Şurası 2008-ci ilin prezident seçkilərinin müşahidəsi və nəticələrinin reallığı əks etdirməsi ilə bağlı hesabatını açıqlayar-açıqlamaz Azərbaycanda “reket”lərlə mübarizəyə başlayıb. Artıq 36 “reket”i zərərsizləşdirib. Bu, Mətbuat Şurasının son illərdə ən böyük UĞURlarından biridir. Amma düzü, bu məni yaman narahat edir. Qorxuram axırda iş o yerə çata ki, ya Mətbuat Şurasının adını dəyişib “Mətbuatda Reketlərlə Mübarizə İdarəsi” elan etsinlər, ya da qurum öz-özünü “Reketlər Şurası” adlandırsın. Axı Mətbuat Şurasının təsisiçilərindən çoxu elə həmin “reket” adlandırılan qəzetlər və onların rəhbərləridir. Qısaca olaraq nəzərinə çatdırım ki, Azərbaycanda Mətbuat Şurası həqiqətən də cəmiyyətin güzgüsüdür. Hər şeydən xəbər tutmaq istəyirsənsə, elə bu güzgüyə baxsan yetər. O zaman görəcəksən ki, Azərbaycanda doğrudan da hər şey baş-ayaqdı. Heç kəs öz işi ilə məşğul olmur. Sənə AZADLIQ arzusu ilə, Zülfüqar Xeyirxəbər P.S. Qardaş, çalış məktub hüquq müdafiəçilərinin əlinə düşməsin. Yoxsa elə bilərlər ki, içində “Sibir xorası” zad var. Məni də sənin həyatına sui-qəsddə ittiham edib damlatdırarlar:)