Ana səhifə | Köşə | 31/12/08 Şaxta Babaya məktub

31/12/08 Şaxta Babaya məktub

Ona görə də Sənə məktub yazıram ki, əziyyət çəkib biz tərəflərə gəlməyəsən. Buralarda ictimai-siyasi havalar o qədər də yaxşı deyil. Bir çox ölkələrdən fərqli olaraq burada monarxiya küləkləri əsir. Qorxuram ki, bu da Sənin səhhətinə pis təsir edər. Allah eləməmiş bayram günlərində xəstələnib eləyərsən, dünyanın bir çox uşaqlarını sevindirə bilməzsən.

Bizim uşaqlardan nigaran qalma, onlar şad və xürrəm ömür sürürlər. Doğrudur, bir çox şeylərə ancaq xəyallarında nail olurlar, amma yenə də şükürlər olsun ki, bayram günlərində gözləri ilə də olsa, bəzi təamları dadırlar və bilirlər ki, dünyada belə şeylər də mövcuddur.

Bir də ona görə gəlmə deyirəm ki, biz bu il bayram şənliyi keçirən deyilik. Birdən düşünərsən ki, Dağ boyda Qarabağ dərdimizə görə, bu il matəm saxlayırıq, yox, yox ağlına belə gətirmə. Bu il bəzi müsəlman ölkələrində Məhərrəmlik ayı yeni il bayramı ilə üst-üstə düşdüyünə görə, sağ olsun Bakı Meriyası, adət-ənənələrimizə sadiq qalaraq bayram şənliklərinin keçirilməsinə qadağa qoydu.

Bilirəm, bu AZACIQda olsa ölkəmizin müstəqilliyi uğrunda Şəhid olanlara, Qarabağ döyüşlərində əlil olanlara qoyulan hörmətlə ziddiyyət təşkil edir, amma yenə də biz müsəlman ölkəsiyik və ərəblərin tax-tac uğrunda həlak olan döyüşçülərinə yas saxlamaq da MÜQƏDDƏS BORCumuzdur. Bəlkə də bu Sizi təəccübləndirəcək ki, özünüzünküləri urvatsız eləyib, ermənilərə güllə atdıqlarına görə, şərləyib zindanlarda çürüdürsüz, amma 14 əsr öncə həlak olmuş ərəblərə yas saxlayırsız.

Birdən düşünüb eləyərsən ki, SARAY əhlinin ermənilərlə qohumluqları filanı var deyə onlara güllə atanlara nifrət edirlər. Elə deyil Şaxta Baba, bizim SARAY əhlinin ermənilərələ heç bir ƏLAQƏSİ zadı yoxdu. Onlara hörmət filan da eləmirlər. Onlara başqa şeylər edirlər, onu da bura yazasam SARAY Yanında Mətbuata Nəzarət İdarəsi etik normaları tapdadığıma görə, dərimə saman təpər. Amma istəyirəm biləsən ki, SARAY əhli ildən-ilə ermənilərə güllə atan qazilərimizin güzəranını yaxşılaşdırmağa çalışır. Körpülər tikmək, yollar çəkmək adı ilə havaya sovrulan neft gəlirlərindən artırıb onlar üçün evlər də tikirlər, maşın da alırlar.

Birdə ki Şaxta Baba bunlardan Sənə nə!? Neft onların, pul onların, özləri bilərlər hara səpirlər. Quyun yox, borun yox, ağrımaz başını niyə ağrıdırsan. Sənə nə bunların gözündə ərəb döyüşçüləri qazilərimizdən, şəhidlərimizdən üstündür. Can onların, cəhənnəm Allahın, qoy nə qədər özlərini zəncirləyirlər zəncirləsinlər. Nə olsun ki, namaz qılıb, oruc tutanlarımız, Həccə gedənlərimiz mömin insanlar deyillər. Şeyx demişkən, onlar ziyarətə yox, ticarətə gedirlər. Doğrusu mən başa düşə bilmirəm Şeyx bundan niyə narahat olup?! Axı bizim Atalarımız çox gözəl aforizm qoyub gediblər: “Həm ziyarət, həm ticarət”. Şaxta Baba, biz kökümüzə bağlı insanlarıq. Aatalarmızın nəsihətləri bizmi üçün hər şeydən öndə gəlir. Ona görə də ziyarətimizin içərisinə ticarətimizi də soxuruq ki, adət-ənənələrimizə sədaqətimizi nüymayiş etdirək. Axı burada ayıblı nə var ki?! Məhəmməd Peyğəmbər özü də tüccar olmayıb bəyəm?! Daha Şeyx kimi kolbasa sexlərinə hallalıq sertfikatı verib, məscidlərin həyətində buterbrod satdırmayıb ki!?

Nə isə Şaxta Baba gəl bu məsələyə qarışmayaq. Yoxsa Şeyxin qəzəbinə tuş gələrik, onun əlindən bizi Allah da qurtara bilməz. Həqiqəti desəm, heç Allahın özü də bizim bu dindarlarımız kələklərindən baş aça bilmir, qalmışdı biz aciz bəndələr.

Gəl küçələrdə dilənən, zindanlarda çürüyən, ölkədən didərgin düşən Vətənpərvər oğullarmızdan da danışmayaq. Hara çevirsən də bunun bir ucu siyasətə gəlib çıxacaq. Siyasətlə məşğul olanın da axırı ya zindandı, ya sürgün. İnan ki, bu işləri araşdırmağa çalışsan, səni sürgün edərlər, məni də Şaxta Babanın xeyrinə cəsusluqda ittiham edib soxarlar zindana və hər günümü qənimət bilərəm.

Qənimət dedim, yadıma həbsxanada YARADICILIQla məşğul olan jurnalist dostlarımız Eynulla Fətullayev, Qənimət Zahid və Mirzə Sakit düşdü. Şaxta Baba, imkanın olsa, onlara yeni ilin başlandığını xəbər ver və bizim adımızdan təbrik elə. Çünki bizim yazdıqlarmızı onlara vermirlər ki, birdən oxuyub əhvalları korlanar. Özün bilirsən ki, SARAY əhli onların üzərində necə əsir. Qulaqlara qurğuşun, başlarına bir iş gəlsə, inan ki, vəzir-vüzür xiffətdən heyva kimi saralıb solar.

Bağışla Şaxta Baba, Səni yenə təəccübləndirdim deyəsən. Deyəcəksən ki, əgər doğrudan da onlar SARAY üçün belə qiymətlidirsə, niyə zindana salıblar!? Bilirsiz, Şaxta Baba, məsələ orasındadır ki, o insanlar azadlıqda olanda yaradıcılıqla məşğul olmağa vaxtları qalmır. Siyastə-miyasətə, qəzetə-qüzetə başları qarışır, yaradıcılığı unudurlar. Bir də ki, azadlıqda o insanların həyatları təhlükədədir. Azadlığa buraxsalar onları, gəlib birinin ofisini yumurta atəşnə tutacaqlar, birinin sifətini cırmaqlayıb şərləyəcəklər, birinin də cibinə nəşə atıb pis yola çəkməyə çalışacaqlar. Ona görə də SARAY onları qorumaq üçün bu addımı atıb.

Şaxta Baba əgər bəzi ağzıgöyçək hüquq müdafiəçilərimiz Sənə məktub zad yazıb jurnalistlərin azad olunması üçün SARAYa təzyiq göstərməyi xahiş etsələr, nə badə onların hiylələrinə aldansan. Onlar Qənimətgili gözü götürməyən insanlardı. Sən, mənə inan, onlar bu insanaları azadlığa çıxarıb məhv etmək istəyirlər. Bir də ki, Şaxta Baba, bu ölkədə artıq hər kəs İRƏLİ gedir. Mirzə Sakit isə halından məmnundur və İRƏLİ getmək istəmir. Şəraiti zadı da pis deyil. Elçin Behbudovun dediyinə görə, heç bir şikayəti də yoxdu. Ona görə də onlardan nigaran qalma.

Şaxta Baba, inan ki, bir çox Azərbaycan vətəndaşları üçün azadlıq zindandan da betərdir. Heç olmazsa, içəridə çörək, su dərdi çəkmirlər, işıq, qaz problemləri yoxdu.  Pis, yaxşı gündə üç dəfə yeməklərini verirlər. Bayaramdan bayrama da SARAY rəqqasələri gedib qarşılarında köbək atıb pulsuz-parasız əyləndirir onları...

Gözün aydın Şaxta Baba, işıqlarımız söndü. Yaxşı ki, “noutbuk” adlı bir şey icad ediblər, yoxsa bu bayram günündə sənə yazdığım məktub da silinərdi. Biz belə şeylərə alışmışıq, ümidvaram ki, səni də alışdırıblar. Bu, “Azərenerji”nin xalqa bayram sürprizidi, yəqin. Doğrudur, belə hallar hər gün təkrar olunur, nə olsun, Şaxta Baba, “dəliyə gündə bayramdı”. “Azərenerji”də də...  Nə isə...

Belə baxanda qışda işıqların kəsilməsi yaxşı haldı. Axı biz tənbəl xalqıq. İnan ki, otağımız isti olsa, evdən çölə çıxmarıq. Bunun da dünyanı bürüyən iqtisadi böhran şəraitində hansı fəlakətlərə gətirib çıxaracağını izah etməyə ehtiyac yoxdu, məncə.

“Azəriqaz”a gəlincə, Şaxta Baba, bunlardan şikayətimiz var. Düz üç ildir ki, Abşeron Qaz İstismarı İdarəsi kürəyimə samovar şələləyib, külli miqdarda borc yazıb. Hələ də sildirə bilmirəm. “Azəriqaz”a şikayət edirəm, deyirlər ki, bu boyda həngamə çıxarınca, yavaş-yavaş ödə getsin. Nə qədər and-aman edirəm ki, mənim kürəyimə samovarı siz şələləmisiz, QAZ üzrə mütəxəssilər deyirlər ki, nə olsun, SARAY əhlinə verdiyimiz qazın pulunu kimdənsə çıxmalıyıq ya yox. Deyirlər ki, “palaza bürün, elnən sürün”, xalq necə sən də elə, onlardan nəyin artıqdır ki!?

Bax, vəziyyət belədi Şaxta Baba, bunları qandırana qədər adam özü də qanmaz olur. Aktın saxta oduğunu sübut edirsən, aktı tərtib edən adamın etiraflarını aparıb qoyursan qarşılarına, həmin adamın mitilni atırlar bayıra, amma vəziyyəti düzəltmirlər. Bir sözlə, Şaxta Baba, əsl dərəbəylikdi bu ölkədə.

Bəylik dedim, yadıma bir şey düşdü. Bu sevinrdirici xəbəri hökmən Sənə çatdırmalıyam. Nəhayət ki, biz adət-ənənələrimizə, kökümüzə dönürük. Qərblilərə məxsus respublika quruluşunu ləğv edib, Şahlıq rejiminə keçirik. Axı Şaxta Baba, 20-ci əsrə qədər bizdə Bəylik, Xanlıq, Şahlıq olub. Bu yaxınlarda Milli Məclisimiz adət ənənələrimizin bərpası istiqamətində tarixi bir addım atdı. İndi biz əvvəlki kimi, ömürlük Şah seçəcəyik. Bununla da hər beş ildən bir ölkənin neft gəlirlərinin kağız-kuğuza, mürəkkəbə zada xərclənməsinin qarşısı alınacaq. Qənaət olunan pullara da yeni-yeni həbsxana tipli yaradıcılıq  mərkəzləri tikib evsiz-eşiksiz jurnalistləri, müxalifətçiləri orada yerləşdirəcəklər. Bunun nəyi pisdi ki!?

Şaxta Baba, Allah Sənin ömründən kəsib Şahın ömrünə calasın, elə bizim də.

Hörmətlə, Zülfüqar Xeyirxəbər

P.S. Şaxta Baba, əslində mən sənə nifrət edirəm. Bilirəm ki, məktub yazmasam da gələn deyildin. 



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb